Tolerantlıq xalqımızın ruhundadır

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə rayonumuzda silsilə tədbirlər keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə rayonun idarə və təşkilatlarının nümayəndələri, din xadimləri, yerli sakinlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə YAP Qusar Rayon Təşkilatının sədri, rayon mədəniyyət və turizm idarəsinin müdiri David İbrahimxəlilov açaraq, Azərbaycanda hökm sürən tolerant mühit və ölkəmizdə aparılan multikultural siyasət barədə məlumat vermişdir.

Milli Məclisin üzvü Azər Badamov Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini xatırladaraq Azərbaycanın bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığını bildirib.

Millət vəkili deyib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada məskunlaşan bütün xalqların nümayəndələri və müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayırlar.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Mustafa Kazdal” dini icmasının sədri Fəryəddin Rəhimxanov çıxışında bildirib ki, bu gün Azərbaycanda sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, eləcə də atəşpərəs məbədləri var. Dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir insan bərabərhüquqlu və azaddır. Bu da öz növbəsində Azərbaycanın tolerant ölkə olmasını bir daha təsdiq edir.                       

                                                                                   ***

Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir.

Bu fikirlər Beynəlxalq Tolerantlıq Günü ilə bağlı Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Hil kəndində keçirilən tədbirdə səslənib.

Tədbiri giriş sözü ilə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev açıb və yaşı yüz ili keçən tarixi məscid haqqında geniş məlumat vermişdir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov ağsaqqallar, dindarlar və ziyalılarla görüşündə bildirib ki, bu gün Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır. Ölkəmizdə bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Məhz dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib.

Dövlət müşaviri xidmətinin əməkdaşı Seyfəl Həsənov Azərbaycanda mövcud olan tolerant mühitin dünyanın ən demokratik hesab edilən dövlətləri üçün nümunə olduğunu, Azərbaycanda bütün xalqların birgə, dinc yaşadığını və eyni hüquqlardan yararlandıqlarını vurğulayıb.

O, xalqımızın multikultural dəyərlərinə dair fikirlər söyləyib, multikulturalizmin artıq bir elm kimi ali məktəblərdə tədrisindən bəhs edib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edən kənd ağsaqqallı Nurbala Rzayev hilli dindarlar adından ölkəmizdə mövcud tolerant mühitin formalaşdırılmasında apardığı təqdirəlayiq işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Görüş iştirakçıları tarixi məscidin önündə xatirə şəkli çəkdirmişlər. 

“Qusar”