Regional şöbənin rayonumuzda növbəti tədbiri

Xaçmaz Regional Ədliyyə Şöbəsi rayonumuzda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə növbəti seminar-müşavirə keçirmişdir.

Şöbənin fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrə metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə rayonumuzdakı bələdiyyə qurumlarının üzvləri və qulluqçuları üçün 2016-cı ilin ikinci yarımilliyi üçün nəzərdə tutulmuş seminar-müşavirəsi şəhərimizin “Gənclər evi”ndə baş tutmuşdur.

Tədbirdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimata uyğun olaraq bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, o cümlədən dövlət və bələdiyyə orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası haqqında;

-bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və respublikamızda daim diqqət mərkəzində saxlanılan və ciddi mübarizə tədbirləri həyata keçirilən korrupsiya hüquqpozmalarının qarşısının alınması, həmçinin torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi, torpaq sahələrinin qanunsuz rəsmiləşdirilməsi və s. pozuntulara qarşı Azərbaycan Respublikası qanunvericiliyinə edilmiş bəzi əlavə və dəyişikliklər barədə;

-bələdiyyələrin vergi və ödənişlərinin hesablanması və yığılması barədə müvafiq qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı əhatəli məruzələr dinlənilmişdir.

Həmin məsələlər barədə Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikov, baş məsləhətçilər Qədir Paşayev və Əlikram Həsənov, məsləhətçilər Vüsal Vəliyev və Həmid Məmmədov çıxış etmişlər. Məruzə və çıxışlar ətrafında müzakirələr dinlənilmiş, o cümlədən bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə iştirak edən rayon bələdiyyələrinin üzvləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında aparılmış hüquqi islahatlara uyğun olaraq bələdiyyələrə dair normativ hüquqi aktlara edilmiş əlavə və dəyişikliklərin onlara izah olunmasında regional şöbənin keçirdiyi seminarın mühüm əhəmiyyətə malik olduğunu, belə tədbirlərin vaxtaşırı, planlı təşkilinin vacibliyini qeyd etmişlər.        

“QUSAR”