Turizm-öyrənilməli sahə

Mərkəzi kitabxanada turizm işçilərinin peşə bayramına həsr olunmuş mərasim

Mərasimdə kitabxana və mədəniyyət müəssisələrinin, turizm xidməti sahəsində fəaliyyət göstərən obyektlərin işçiləri iştirak etmişlər.

Kitabxanada təşkil olunmuş “Turizm guşəsi” ilə tanışlıqdan sonra iştirakçılar “Qusar turizm diyarıdır” adlı sərgini də maraqla seyr etmişlər.

Tədbirdə çıxış edən MKS-nin direktoru Zahir Mustafayev demişdir ki, Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Bu nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqda məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.

Natiq diqqətə çatdırmışdır ki, Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, yəni ölkəmiz Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Bununla belə Prezident İlham Əliyev Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi, hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında “Turizm işçiləri günü”-peşə bayramı kimi qeyd olunması haqqında sərəncam imzalamışdır. Dövlət başçısı həmçinin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Çıxış edənlər son illər Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin əhəmiyyətindən, ölkənin turizm mərkəzlərindən olan Qusarda bu gəlirli sahənin inkişafı üçün hər cür şəraitin mövcudluğundan, çoxsaylı turistlərin rayona gəlişinin səmərəliliyindən danışmış, turizm obyektlərinin müsafirlərə keyfiyyətli xidmət göstərmək sahəsində səmərəli, qabaqcıl təcrübəyə əsaslanaraq çalışmağın zəruri olduğunu vurğulamışlar.