2 saylı məktəb hamını qabaqladı

Bu təhsil ocağının komandası poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibi oldu

Şövkət Orduxanov adına şəhər stadionunda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi ilə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

Çağırışçı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlanması, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçirilən yarışlara Qusar şəhər 1, 2, 3, 5 saylı, Çiləgir, Urva, Balaqusar, Hil tam orta məktəblərinin komandaları qoşulmuşdur. Poliatlon çoxnövçülük proqramına uyğun olaraq yarış 100 metr məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir.

Ümumi nəticələrə əsasən 2 saylı tam orta məktəbin komandası 582 xalla rəqiblərini üstələyərək I, 1 saylı tam orta məktəbin komandası 536 xalla II, 3 saylı məktəbin komandası 510 xalla III yerlərə yüksəlmişdir.  

100 metr məsafəyə qaçış üzrə 2 saylı məktəbin şagirdi Teymur Sultanov, turnikdə dartınmada 3 saylı məktəbin şagirdi Abbas Məmmədhüseynov, qumbara atmada Urva kənd məktəbinin şagirdi Nədür Balakişiyev ən yaxşı nəticə göstərərək fərqlənmişlər. Qalib komandalar və I yerə layiq görülmüş iştirakçılar gənclər və idman idarəsinin diplomları ilə təltif edilmişlər.

Rayon çempionu olmuş 2 saylı məktəbin komandası yarışların zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Sevil Dəmirova