Medal sahibinə təqdim olundu

Xəbər verdiyimiz kimi Dövlət qulluqçularının Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə “Dovlət qullugunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdu. Onların sırasında Qusar RİH başçısının birinci müavini Şahid Ələziz oğlu Fərəməzov da vardır.

Əmək kollektivində yüksək mükafatın təqdim olunması mərasimi keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov layiq görüldüyü “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Şahid Fərəməzova təqdim etmiş, ona cansağlığı, məsuliyyətli işində yeni uğurlar diləmişdir:-Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti- dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri müzakirə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaq, ictimai institutlara maksimal dərəcədə idarəetmə funksiyalarını ötürməkdir. İnanırıq ki, bundan sonrakı fəaliyyətinizdə də bu prinsiplərə sadiq qalacaqsınız.

Çıxış edən Şahid Fərəməzov onun əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etmiş, üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə çalışacağını bildirmişdir.

Biz də təbriklərə qoşulur, Şahid müəllimə ailə səadəti, tükənməz enerji, yeni uğurlar arzulayırıq.