Kənd turizmi qonaqların gözü və sözü ilə

İnsanlar ta qədimdən dincəlmək üçün şəhərdən kəndə üz tutublar. Özü də yayda. İndi buna “kənd turizmi” deyirələr.Azərbaycanın turizm şəbəkəsində kənd turizmi xüsusi önəm kəsb edir. Çünki böyük şəhərlərin ekoloji tarazsızlığından, səs-küyündən qurtularaq əsrarəngiz təbiətə malik kənd yerlərində dincəlmək, şəfalı suyundan içmək, təmiz havasından udmaq, qaz, elektrik sobalarından fərqli bişirilmiş xörəkləri dadmaq bir çoxlarının arzusudur. Ona görə şəhərlilər müəyyən zaman kəsiyində də olsa təbiətin insanlara bəxş etdiyi nemətlərdən yetərincə istifadə etmək üçün dağ rayonlarına üz tuturlar.

Bu yaxınlarda tanış olduğumuz bir ailənin başçıları- Mahir Əliyev və Naibə Məmmədova ilə söhbətimiz də əsasən məhz kənd turizmi, onun özəllikləri, perspektivləri haqda oldu.

Evin sahibəsi Naibə xanım ATU-nin müəllimi olmaqla bərabər, həm qayğıkeş valideyn, həm altı nəvənin nəvazişli nənəsi, diqqətcil həyat yoldaşı, həm də maraqlı musahib- tərəf-müqabili imiş:

-Paytaxt sakinləriyik. Ailəliklə istirahətə gəlmişik. Qusar rayonunun təbiəti, iqlimi bizləri valeh edir, çox cəlb edir. Xüsusən də insanları… olduqca istiqanlı, qonaqpərvərdirlər. Onlarla danışanda “can bacı”, “can qardaş” kəlmələrini eşitmək necə də təbii və xoşdur!

-Bəs ərzaq almaq, yemək hazırlamaq, bazarımızın qiymətləri sizin üçün problem deyil ki?

-Heç bir problem yoxdur. Biz hər il müxtəlif yerlərdə istirahət etmişik. Xaçmazda, Qaxda, Qəbələdə, Antalyada da olmuşuq. Hər yer biri-birindən gözəldir. Qusarda isə hər şeyin özünəməxsusluğu var. Çörəyindən tutmuş meyvə-tərəvəzinədək-keyfiyyəti yüksək, qiymətləri münasib. Ona görə də bu yaxınlarda qohumlarımızdan bir “komanda” yenə gələcək. Allah ömür versin, gələn il yenə bu tərəflərə üz tutacayıq.

-Bəs kənd turizmində nə çatışmır, nədən narazısınız, nə kimi təklifləriniz var?

-Bizə elə gəlir ki, kənd sakinləri daha çox qonaq saxlamaq istəsələr də (kim yeni tanışlar, həm də pul istəməz ki…) hamısının ev şəraiti buna imkan vermir. Sağlıq olsun, bu problemin həllinə də nikbinliklə yanaşırıq. Əminik ki, həyat səviyyəmiz yaxşılaşır, kənd yerlərində turizmin səviyyəsi getdikcə yüksəlir.

Biz də Naibə xanımın arzusunun həyata keçməsinə uyğun əhval-ruhiyyədə olmağımızı bildirdik, qonaq-turistlərimizə də ən gözəl istirahət, doğma Qusarımızdan xoş təəssüratlarla qayıtmağı arzuladıq.

Cavid TAHİROV, Çiləgir kəndi