Təşkilat mühüm siyasi kampaniyaya hazırlaşır

YAP Qusar rayon təşkilatında ilkin təşəbbüs qrupu yaradıldı.

İyulun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Qusar Rayon Təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.  

Yığıncağı giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı haqqında geniş məlumat verib.

David İbramxəlilov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının xalqımız üçün əhəmiyyətli olacağını diqqətə çatdırıb. O vurğulanıb ki, Konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.  

Çıxış edən Milli Məclisin deputatı Azər Badamov Referendum Aktının mahiyyətindən bəhs edib. Deputat qeyd edib ki, cəmiyyətin inkişafı, ölkədəki siyasi-iqtisadi sabitliyin möhkəmlənməsi və dünyada baş verən proseslər Konstitusiyamızda da müəyyən dəyişikliklərin edilməsinə zərurət yaradıb: “Bu baxımdan da hesab edirəm ki, Konstitusiyaya ediləcək dəyişikliklər ümumxalq səsverməsi ilə təsdiq olunduqdan sonra dövlət- vətəndaş münasibətlərində yeni bir səhifə açılacaq. Xalqımız birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasi xəttini dəstəkləyir, Prezidentin hər bir addımını yüksək qiymətləndirir və onun arxasınca gedir. Bu mənada inanırıq ki, 26 sentyabrda da xalq-iqtidar birliyi öz sözünü deməyi bacaracaq”.

Sonda 54 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə müəyyənləşdirilib.

Bəhruz Ramazanov