Taxıl biçini başa çatmaqdadır

Rayonumuzun aqrar sektorunda çalışan zəhmət adamları, taxılçılığa xüsusi önəm verən kəndli-fermer təsərrüfatları ötən ilin payızında cari il üçün 28020 hektarda, o cümlədən 18812 hektar buğda, 9208 hektar sahədə payızlıq arpa toxumu səpmişlər.

Zəmilərə yaxşı və keyfiyyətli aqrotexniki qulluq edildiyindən, ziyanvericilərə qarşı vaxtında profilaktiki və qabaqlayıcı tədbirlər görüldüyündən zəmilər bol məhsul yetirmişdi. Amma yığıma az qalmış, eləcə də biçin vaxtı havaların yağıntılı keçməsi sahələrdə alaq otlarının bitməsinə şərait yaratmış, leysan xarakterli yağıntıların yağması zəmiləri yıxaraq yerə salmışdır.

Bununla belə məhsul yığımının tez və itkisiz başa çatdırılması üçün bütün qüvvələrini səfərbər edən fermerlər kompaniyanı uğurla başa çatdırmaqdadırlar.

Avqustun 1-nə əldə etdiyimiz məlumata görə rayonun təsərrüfatlarında 27578 hektar sahədə taxıl biçilmiş, həmin sahələrdən 60994 ton məhsul yığılmışdır. Biçilmiş 18370 hektar buğda sahəsindən 42398 ton, 9208 hektar arpa sahələrindən isə 18596 ton məhsul götürülmüşdür. Hər hektardan orta məhsuldarlıq 22,1 sentner təşkil edir.

Müqayisə üçün deyək ki, keçən ilin müvafiq dövründə 28340 hektar biçilmiş sahələrin 18132 hektarını buğda, 10208 hektarını arpa sahələri təşkil etmişdir. Biçilmiş sahələrdən 59447 ton, ondan 36790 tonunu buğda, 22656 tonunu arpa təşkil etmişdir. Məhsuldarlıq keçən ilə nisbətən hər hektardan 1,1 sentner çoxdur.

Rayonumuzun taxılçıları ölkədə ərzaq bolluğu yaratmaq üçün bu il taxıl əkinlərinin ərazisini daha da genişləndirməyi, xarici bazardan asılılığı minimuma endirməyi qarşıya məqsəd qoyublar.

       Əhmədəli Balakişiyev,

Qusar Rayon Statistika İdarəsinin məsləhətçisi