Şahmatçılarımız daha mötəbər yarışlara hazırdırlar

Uşaqlarımızın intellektual qabiliyyətlərini üzə çıxarmaq üçün təhsil şöbəsi, gənclər və idman     idarəsi Şahmat Mərkəzinin təşəbbüslərini dəstəkləməklə fəaliyyətlərini daha sıx əlaqələndirməlidir.

Açılışından çox vaxt keçməsə də, Qusar Şahmat Mərkəzinin uğurları günü-gündən artmaqdadır. Bizcə bu təlim mərkəzinin ən böyük uğuru şahmatın uşaqlar və yeniyetmələr arasında populyarlaşmasına nail olmağıdır.

İstirahət fəsli-yayın oğlan çağı olsa da, bu müdrik oyunun sirlərini öyrənmək üçün mərəkəzə gələnlərin sayı günbəgün artmaqdadır.

Məktəbin məşqçisi, tanınmış idmançı, şahmat ustası Həbib Ağalarov deyir:

-Yəqin mərkəzin açılış mərasimində iştirak edən ölkə başçısı möhtərəm İlham Əliyevin xeyir-duası düşərli olub: indi bizdə 4-18 yaş arasında 200 məktəbli, eləcə də məzun 12 qrupda bu qədim oyunun sirlərinə yiyələnir. Burada onlar üçün yaradılmış rahat şərait, texniki avadanlıq, müasir və klassik informasiya resursları işimizi yüksək səviyyədə qurmağa imkan yaradır.

Təcrübəli məşqçi onu da əlavə edir ki, şahmatda nəzəriyyə ilə təcrübənin vəhdəti mühüm şərtdir. Hətta ikinci amil-uşaqların müxtəlif yarışlarda özlərini sınamağı daha böyük önəm kəsb edir. Bununla belə səfərlərə, xüsusən də uzaq səfərlərə çıxmaq üçün maddi imkanlar kasaddır:

-Mərkəzin təşkilatçılığı, valideynlərin köməkliyi ilə bütün qonşu rayonlarda turnirlərdə olmuş, qonşu həmkarlarımızı Qusarda qəbul etmişik. Öyünmək üçün demirik: hər birində müvafiq olaraq 32, 28, 22 nəfər məşqçi ilə müəllimin çalışdığı Quba, Xaçmaz, Şabran rayonları şahmatçılarının qatıldıqları turnirdə Qusar 33,5, Xaçmaz 29,5, Quba 29 xalla ilkin yerləri bölüşdürdü. Hər iki qrupda fərdi hesabda da təmsilçilərimiz qalib adını qazandılar.

Artıq uşaqlarımız daha mötəbər yarışlarda qüvvələrini sınamaq istəyirlər. Onlar buna hazır və həvəslidirlər. Təəssüf ki, imkansızlıq üzündən iyul ayında Balakəndə keçirilən növbəti respublika Şahmat Olimpiadasına qatıla bilmədik. Halbuki keçən olimpiadada təmsilçimiz III yeri təmin etməklə rayonumuzun idman şərəfini layiqincə qorumuşdu.

Şahmat mərkəzində ümidverən yeniyetmələr çoxdur. Mərkəzin yetirməsi 12 yaşlı Aydın Şahpələngov Bakıda keçirilən ilk beynəlxalq turnirində güclü şahmatçılarla qarşılaşaraq 15-ci yerdə qərarlaşmış və 1600 əmsalla FİDE sıralamasına qatılmışdır. Onun öz reytinqini daha da yüksəltmək imkanı var. Əgər daha bir beynəlxalq turnirdə iştirak edə bilsə…

Uşaqların asudə vaxtının mənalı, səmərəli təşkili, istedadların üzə çıxarılması, pis vərdişlərdən, radikal təmayüllü təriqətlərdən uzaqlaşdırılması indi böyük aktuallıq kəsb edir.

Bizcə rayon təhsil şöbəsi, rayon gənclər və idman idarəsi Şahmat Mərkəzinin təşəbbüslərini dəstəkləməklə fəaliyyətlərini daha sıx əlaqələndirməlidir. Axı söhbət təkcə şahmatdan deyil, gələcəyimiz olan uşaqlardan, ümidimiz olan gənclərdən gedir.        

   “Qusar”