Yollarımız rahat, səfərlərimiz uğurlu olsun!

Müsahibimiz”Azəravtoyol” ASC 6 nömrəli    Yol İstismar MMC-nin rəsi Natiq Mehdiyevdir.

Adətən qonağa “xoş gəlmisiniz”dən sonra “yol sizi yorub, bir az istirahət edin” deməyi zəruri bilirik. Yəqin onu mənzil başına çatdıran yolun bərbadlığına görə yaranan xəcalətdən çıxmaq üçün deyilir bu sözlər.

Son selin Kuzun kəndini rayon mərkəzi ilə bağlayan əsas yolun 200 metrdən çox hissəsinin yerli-dibli yuyub apardığını görəndə qısa müddətə (və ya ümumiyyətlə) bərpa ediləcəyinə ümidimiz az idi. Amma iki gündən sonra xəbər aldıq ki, yol tamamilə bərpa olunub, üstəlik hər ehtimala qarşı həmin hissədə alternativ yol da salınıb. Bu işi…öz yol idarəmiz-“Azəravtoyol” ASC-nin 6 nömrəli Yol İstismar MMC-si öz texnikası ilə həyata keçirib.

Qısa tanıtma: Natiq Mürşüd oğlu Mehdiyev 1961-ci il mayın 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun yol-inşaat fakultəsinə daxil olmuş və 1985-ci ildə oranı başa vuraraq mühəndis ixtisasını almışdır.

Əmək fəaliyyətinə 1979-cu ildə Bakı Maşınqayırma Zavodunda nəzarətçi kimi başlamışdır. “Azərittifaq”ın Polimer Kombinatında direktor müavini, “Azəravtoyol” Dövlət Şirkətinin 94 saylı Yol Yaşıllaşdırma Sahəsində sahə rəisi, Dövlət Neft Şirkətinin 3 saylı Yol Tikinti İdarəsində rəis, “Azərnəqliyyat” Yol-Tikinti Səhmdar Cəmiyyətinin mexanikləşdirmə idarəsində rəis, avtobaza rəisi vəzifələrində işləmişdir.

11 iyun 2015-ci ildə indiki vəzifəsinə təyin edilmişdir. Evlidir, 3 övladı vardır.                                

-Natiq müəllim, ömür boyu yol gedirik. Yollar bizi dağlara qaldırır arana endirir, yaxınlarımıza qovuşdurur, geriyə, doğma ocağa qaytarır. Vaxtilə abad kənd tüstüsündin bilinirdisə, indi hamar yolundan bilinir. Yəqin bu yeni deyimi doğrultmaq üçün hələ çox çalışmalıyıq…

-Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil.

Bu tədbirlər rayonumuzdan da yan keçməyib. Qusarlıların müraciətlərinə həsasslıqla yanaşan möhtərəm Prezidentimizin bilavasitə tapşırığı ilə Samur-Həzrə, Həzrə-Zuxul, eləcə də Qusar-İmamqulukənd-Quxuroba avtomobil yollarının əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi buna bariz sübutdur.

Dağ kəndlərinin əksəriyyəti üçün onları rayon mərkəzi ilə birləşdirən yollar “həyat yolu”dur. Yolların vəziyyəti regionun təbii relyefindən çox asılıdır. Dağlıq və aran zonalarına malik Qusarda yollar mütəmadi qayğı və təmir tələb edir. Sel sularından sonra həm Həzrə-Sudur, həm Qusar-Cağar, Çətkün, Kuzun yollarında ciddi fəsadlar yaranmışdı ki, onları, demək olar ki, tam aradan qaldırmışıq.

-Bir müddət əvvəl müəssisəniz “Qusar 7 saylı Yol İstismar İdarəsi” adlanırdı…

-“Azəravtoyol” özü yeni yaranmış, strukturunu iş prosesində təkmilləşdirən bir qurumdur. Ölkə başçısı İlham Əliyevin bu il martın 9-da imzaladığı fərmanla “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” adlandırılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

Onun regional idarələri bu tədbirlərin yerlərdə həyata keçirilməsini təmin edir. Elə bir həftə qabaq idarəmiz 4 saylı yol istismarı idarəsi adlanırdısa, indi 6 nömrəli Yol İstismar MMC-dir. Özü də dəyişən ad, idarənin önündəki lövhə deyil.

Yeri gəlmişkən, işin yenidən təşkilinə idarə binasından başladıq. Onun içini, çölünü müasir dizaynda qurmaqla həm kollektivin iş şəraitini yaxşılaşdırdıq, həm də gündən-günə gözəlləşən, qonaq-qaralı Qusarda gözə görümlü bir tikili ərsəyə gətirdik.

Son aylar ərzində kollektiv üzvlərinin sayı 40 nəfər artaraq 110 nəfərə çatıb. İndi nəinki rayon daxilində, hətta respublikanın istənilən regionunda yol infrastrukturu ilə bağlı layihələri reallaşdırmaq üçün həm hüquqi, həm də maddi-texniki imkanlarımız var.

-Kuzun yolunun bərpası üçün kifayət qədər güclü, müasir texnika tələb olunurdu…

-Elədir. Avtoparkımız son bir ildə iki dəfədən çox artıb. İndi rayonun yol infrastrukturunun yaxşılaşdırılması 4 avtogreyderdən, 5 yükü özüboşaldan avtomobildən, 1 yükləyicidən (KON), 1 ədəd UDS-ekskavatordan, 2 ədəd ekskavator və buldozerdən, 1 ədəd katokdan, 2 ədəd xüsusi təyinatlı avtomobildən istifadə edirik. “Azəravtoyol” ASC bir il ərzində müəssisənin balansına 10 ədəd yeni maşın-mexanizm vermişdir. Bu da hələ son deyildir, yaxın aylarda cəmiyyət tərəfindən yeni maşın-mexanizmlərin verilməsi nəzərdə tutulmuşdur.

-Bu günlərdə Yuxarı Kalunxürə səfər etdik. Piral kəndi ərazisində yol təmirçiləri ilə iş başında görüşdük. İnsanların həyatına rahatlıq gətirilməsi üçün çalışan bu insanların əməyini qiymətləndirməmək ədalətsizlik olardı… Ancaq yolun Hilin mərkəzindən keçən hissəsini əvvəlki vəziyyətində qalmışdı…

-Seldən sonra Kuzun yolu istiqamətində leysan yağışlar nəticəsində dağılmış yollar tam bərpa edilmiş, Qusar-Çətkün-Çağar və Həzrə-Sudur çınqıl örtüklü avtomobil yollarında avtogreyderlə hamarlama işləri aparılmışdır. Bundan əlavə Quba-Qusar, Qusar-Şahdağ avtomobil yollarının kənarlarını otdan-alaqlardan təmizlənməsi başa çatdırılmış, bu yollarda 28 ədəd yol nişanı quraşdırılmış, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 km. ağ rəngli cizgi xətti çəkilmişdir.

Qusar-Həzrə yolunda rastlaşdığınız briqada çoxdan əsaslı təmir olunmayan, intensiv hərəkət nəticəsində dağılmış bu yolda çala və çuxurların doldurulması və bərpası ilə məşğul idi. Bu proses qısa vaxtda tamamlanacaq. Qaldı Hil kəndinin mərkəzi hissəsinə, 1 kilometrlik bu ərazini başdan-başa asfaltlamaq niyyətindəyik.

Müəssisəmiz ümumiyyətlə 52 kilometr respublika, 299 kilometr yerli əhəmiyyətli avtomobil yollarında həm çala təmiri, həm də avtogreyderlə hamarlama işlərini davam etdirir ki, yollarımız rahat, səfərlərimiz uğurlu olsun!

Söhbətləşdi: Vidadi SEVZİXANOV