XATİRƏSİ MAHNILARLA ANILDI

Şair-bəstəkar Asəf Mehmanın xatirə

gecəsi musiqi və poeziya bayramına çevrildi.

Azərbaycvan və Dağıstan xalqlarının dostluq, ədəbi əlaqələri çoxəsrlik tarixə malikdir. Dağıstanda dünyaya göz açıb Azərbaycan musiqisinə, ədəbiyyatına sanballı töhfələr verən sənət adamlarımız, eləcə də Azərbaycanda doğulub, təhsil alıb dağlar ölkəsinin mədəniyyətinin yüksəldilməsinə layiqli pay qatan ziyalılarımız çoxdur.

Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi, Dağıstan Respublikasının Xalq artisti, bəstəkar, şair, dramaturq Asəf Mehmanın (Asəf Mehman oğlu Abdullayev) adı uzun illər yaşayıb-yaratdığı Dağıstanda, eləcə də Azərbaycanda yaxşı tanışdır.

Qusar rayonunun Əcəxür kəndində dünyaya göz açan, yeniyetməlik illərində Dəvəçi, Xızı rayonlarının kəndlərində müəllimlik edən Asəf Mehman ötən əsrin 60-cı illərindən taleyini dağlar ölkəsi ilə bağlasa da, həm musiqi, həm poeziya yaradıcılığında ata yurdunu, xalqlar dostluğunu böyük pafosla tərənnüm etmişdir.

Bir çox Qafqaz xalqlarının sevə-sevə dinlədiyi 200-dən artıq mahnının, onlarca şer, nəsr kitabının, musiqili komediyaların müəllifii olan qocaman sənətkarın 80 illik yubileyi özünün sağlığında Mahaçqala və Moskva ilə yanaşı Bakıda da təntənəli şəkildə qeyd olunmuşdur.

Qusar sakinlərinin, ağsaqqal və ziyalıların çoxsaylı xahişlərini nəzərə alan rayon rəhbərliyi ötən ilin noyabrında Qusar şəhərinin bəzi küçələrinin adlarının dəyişdirilməsi barəsində sərəncam imzalamışdır. Həmin sərəncamla Qusar şəhərində üç küçənin adı dəyişdərilərək onlara Azərbaycanın görkəmli oftalmoloqu Zərifə Əliyevanın, Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Elza İbrahimovanın, tanınmış şair, bəstəkar, xalqlar dostluğunun tərənnümçüsü Asəf Mehmanın adları verilmişdir.

İyulun 2-də Qusar şəhərinin mədəniyət sarayında şair-bəstəkar Asəf Mehmanın xatirə gecəsi keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin, “Samur” Ləzgi Milli Mərkəzinin və “Alam” ləzgi ədəbi jurnalının təşkilatçılığı ilə keçirilən mərasimdə çıxış edən alimlər, ziyalılar, qələm sahibləri mərhum şair-bəstəkarla bağlı xatirələrini bölüşmüş, kiçik bir dağ kəndində dünyaya göz açmış sənət adamının istedadının üzə çıxmasını, iki dildə yazıb-yaratmasını, onun yaradıcılığına ümumxalq sevgisini, eləcə də xalqlar dostluğunun tərənnümçüsünün xidmətlərinin respublikamızda layiqincə qiymətləndirilməsini Azərbaycan mühitində multikulturalizmin möhkəm təməl üzərində qərarlaşdığının sübutu kimi dəyərləndirmişlər.

Həmin gün axşam şəhərin general Muhmud Əbilov adına mərkəzi meydanında respublika və rayon incəsənət ustalarının iştirakı ilə Asəf Mehmanın əsərlərindən ibarət böyük konsert proqramı nümayiş olunmuşdur. 

  “Qusar”