EVƏ DÖNƏNLƏRİ ƏVƏZ ETMƏYƏ YOLLANDILAR

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq iyulun 1-dən başlanmış çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yola salınması davam edir.

Aprel döyüşlərində Ordumuzun zəfərindən sonra yaranmış ruh yüksəkliyi, torpaqlarımızın yağı düşməndən azad olunması üçün həyata keçirilən tədbirlər gənclərimizin qələbə əzmini artırıb. Növbəti yolasalma mərasimində iştirak edən müxbirlərimiz hərbi xidmətə çağırış üzrə dövlət xidməti Qusar şöbəsində olarkən bu ruh yüksəkliyinin şahidi olmuşlar.

Qusar, Hil, Avaran, Yasab və Gədəzeyxürdən olan çağırışçıların, onları yola salmağa gələn valideynlərin və yaxınlarının ürək sözləri və xeyir-duaları belə mühakimə yürütməyə tam əsas verir.

Avaranlı Muradxanı nənəsi Bikə Hacımuradova yola salırdı.

-Nəvəm iki ildən çoxdur ki, kişilik məktəbinə hazırlaşırdı, məktəbdə ən çox diqqət yetirdiyi də hərbi dərslər olub. Allahın köməkliyi ilə evə xoş soraqla dönəcək.

Gənclərin təntənə ilə yola salınıb, şadyanalıqla qarşılanması elimizin gözəl adətlərindəndir. Bu, həm gənclərin, həm doğmalarının yaddaşlarından uzun müddət silinməyən, həyəcanlı, həm də qürurverici andır. Onlar hər gün xatırlayacaqlar ki, evdə gözləyənləri var, orduda məhz Vətənin, eləcə də ata, ana, bacı və qardaşlarının dinc həyatlarını qorumaq üçün xidmət edirlər.

Hilli Ramin Dövlətxanovu dayısı Hümmət Mirzəbəyov yola salır. Bir neçə gündən sonra əsgərlik formasını geyəcək bacısı oğluna söylədiyi sözlər sanki bütün ata-anaların qəlbindən xəbər verir:

-Sən orada həm öz kəndini, eləcə də doğma rayonumuzu təmsil edəcəksən. Qusarlılar hər zaman layiqincə xidmət ediblər. Unutma ki, bu, böyük məsuliyyətdir. Onu doğrultmaq, hamımızın başını uca etmək sənin müqəddəs borcundur.

Nəvəsi Renat Əmirbəyova son öyüdlərini verən nənəsi Mahidat Şixverdiyeva komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirməyi, yeni dostlar qazanmağı tövsiyə edir.

Hərbi xidmətə çağırış üzrə dövlət xidməti Qusar şöbəsinin rəisi Nicat Həsənov əməkdaşımıza bildirdi ki, heç bir yayınma cəhdindən, yalandan möhlət götürmək fürsətindən söhbət belə gedə bilməz. Əksinə, yola salınma günlərində şöbənin önünə toplaşan valideynlər, qohum-əqrəba bu mərasimə qürurla, başucalığı ilə qatılırlar.

Çağırışçıları aparan avtobus izdihamın xoş arzuları və musiqi sədaları altında paytaxta doğru istiqamət aldı.  

Cavid Tahirov