REGİONAL ŞÖBƏNİN NÖVBƏTİ TƏDBİRİ

Xaçmaz Regional Ədliyyə Şöbəsi rayonumuzda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə növbəti seminar-müşavirə keçirmişdir.

Şöbənin fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrə metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə rayonumuzdakı bələdiyyə qurumlarının üzvləri və qulluqçuları üçün seminar-müşavirə keçirilmişdir.

“Gənclər evi”ndə düzənlənən seminar-müşavirə əsasən üç istiqaməti-bələdiyyə büdcəsinin təşkili; “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanundan irəli gələn vəzifələri; torpaq qanunvericiliyinin pozulması hallarının CM-ə və İXM-nə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti mövzularını əhatə etmişdir.

Tədbirdə Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikovun, baş məsləhətçi Qədir Paşayevin, məsləhətçilər Əlikram Həsənov və Həmid Məmmədovun qeyd olunan mövzularda məruzələri və çıxışlar ətrafında müzakirələr dinlənilmiş, o cümlədən bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə iştirak edən rayon bələdiyyələrinin üzvləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında aparılmış hüquqi islahatlara uyğun olaraq bələdiyyələrə dair normativ hüquqi aktlara edilmiş əlavə və dəyişikliklərin onlara izah olunmasında regional şöbənin keçirdiyi seminarın mühüm əhəmiyyətə malik olduğunu, belə tədbirlərin vaxtaşırı, planlı təşkilinin vacibliyini qeyd etmişlər.