İCTİMAİ ASAYİŞİN KEŞİKÇİSİ OLMAQ ŞƏRƏFDİR

Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı fərmana əsasən, hər il iyulun 2-si Polis İşçiləri Günü-daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Qusarın polis işçiləri peşə bayramı günündə əvvəl ənənəvi olaraq ulu öndərin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.

Hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, veteran polislərin də qatıldıqları tədbirin iştirakçıları daha sonra Qusar polisinin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərovun abidəsini ziyarət edərək önünə təzətər gül düzmüş, Vətən keşiyində canlarından kecmiş şəhidlərin əziz xatirələrini yad etmişlər.

Peşə bayramı ilə bağlı keçirilən toplantıda çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Əsədov şəxsi heyəti peşə bayramı- Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü münasibətilə təbrik etdi.

Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salan natiq, bu orqanın fəaliyyətinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərman, qiymətli hədiyyə və pul mükafatları təqdim edildi.