PEŞƏ BAYRAMI ŞƏN OVQATDA QEYD OLUNDU

Qusarın tibb işçiləri bayram tədbirinə ulu öndərin şəhərimizin onun adını daşıyan mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək öz ehtiramlarını ifadə etməklə başladılar.

Mərkəzin qarşısında, açıq havada keçirilən mərasimdə həmkarları qarşısında çıxış edən MRX-nın baş həkimi Mübariz Zeynalov tibb işçilərini ürəkdən təbrik edərək, respublikamızda Səhiyyə Nazirliyinin yaranma tarixindən, səhiyyəmizin tərəqqisi və bugünkü səviyyəyə çatmasında misilsiz rol oynamış ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən bəhs etmiş, möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin sağlamlığına daim qayğı göstərdiyini xüsusi vurğulamışdır.

Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirən baş həkim ölkə başçısının tapşırığına əsasən, hər il rayon sakinlərinin tibbi müayinələrə cəlb olunmasını insanların sağlamlığına göstərilən diqqətin bariz nümunəsi kimi dəyərləndirmişdir.

Rayonun 94 min nəfər əhalisinə 850 nəfərdən çox tibb işçisinin xidmət göstərdiyini vurğulayan natiq səhiyyə müəssisələrində əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu bildirmişdir.

Sonda tibb işçilərinin böyük bir qrupuna Mərkəzi Rayon Xəstəxanasının və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilmişdir.