Fransalı senatorlar Multikulturalizm Mərkəzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan -Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət müşaviri Kamal Abdullayev Sovör Qandolfi-Şayt, Erik Dolij, Jan-Pyer Door, Aleksi Mansel, Lionel Tardi, Alen Vasel kimi nüfuzlu senator və deputatların təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onların Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: “Biz çalışırıq ki, Azərbaycanda hökmran olan tolerant və multikultural əhval-ruhiyyəni öz qəlbimizin arzusuyla dostlarımıza da çatdıraq, onlar da bundan xəbərdar olsun. Biz cənab prezident İlham Əliyevlə sizin görüşünüzü çox böyük maraq və diqqətlə izlədik. Prezident İlham Əliyev Azərbaycanın xaricdəki dostlarının sayının artırılması üçün çox işlər görür. Bu heyətlə Bakıya gəlib bizimlə görüşdüyünüz üçün sizə bir daha təşəkkür edirəm.”

Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və BBMM-in yaranması, fəaliyyəti və həyata keçirilən layihələr barəsində qonaqlara məlumat verib. Dövlət müşaviri BBMM-in hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının fəaliyyət göstərdiyini qeyd edib.

Kamal Abdullayev BBMM-in “Azərbaycan multikulturalizmi” fənninin xaricdə və Azərbaycan universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında bu fənn tədris edildiyini və bu fəaliyyət sferasının gündən –günə genişləndiyini diqqətə çatdırıb. Dövlət müşaviri “Azərbaycan multikulturalizmi” fənninin Fransa universitetlərindən birində tədrisi ilə bağlı hazırda aparılan danışıqların yaxın gələcəkdə müsbət nəticələnəcəyinə ümidvar oldugunu bildirib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Dövlət müşaviri bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın bölgələrində yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır”.

Jan-Fransua Mansel nümayəndə heyətində təmsil olunan senatorların ölkəmizə ilk dəfə səfər etdiklərini qeyd edərək heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta

yetirdiklərini vurğulayıb. Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan-Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini diqqətə çatdırıb.

Görüşdən sonra nümayəndə heyətinin üzvlərinə BBMM-in layihəsi çərçivəsində 25 dildə çap olunan, Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön sözün və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”un daxil edildiyi kitabın fransız dilində nəşri və Mərkəzin hədiyyələri təqdim edilib.

Yadigar Məmmədli,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti