Ömrün müdriklik pilləsində

Dünyada itirilən çox şeyi-şöhrəti, torpağı, pulu… geri qaytarmaq olar. İnsanın geri qaytara bilmədiyi, bir daha əli çatmadığı, ünü yetmədiyi onun gəncliyidir. Ona görə demirlərmi: “Gəncliyində elə yaşa ki, qocalanda peşiman olmayasan”.

İş yoldaşımız, ağsaqqalımız Cuvət Temirxan oğlu da qibtəediləcək dərəcədə sadə, şərəfli bir ömür yaşayıb.

1951-ci il iyunun 5-də rayonumuzun “rəcbərlər kəndi” sayılan İmamqulukənddə dünyaya göz açan Cuvət Temirxanov orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin axşam şöbəsinə qəbul olunsa da, ixtisas ürəyinə yatmadığından oradan çıxaraq 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsinə daxil olmuşdur. Ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən gənc 1978-ci ildə təyinat üzrə doğma Qusara qayıdaraq yerli raykoopittifaqda ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır.

Sərasər 30 il həmin kollektivdə çalışan təcrübəli mütəxəssis baş mühasib vəzifəsinə kimi yüksəlmişdir. 2008-ci ildən “Şahdağ Elektrik Stansiyası “MMC-də aparıcı mühasib işləmiş, 2014-cü ilin sentyabrından Qusar Telekommunikasiya Qovşağında baş mühasib vəzifəsinə təyin olunmuşdur. İşlədiyi qısa zaman kəsiyində əmək kollektivin, həm də “Aztelekom” MMC rəhbərliyinin hörmətini qazanan Cuvət Temirxanov səbrliyi, xoş rəftarı, təmkini ilə gənclərə nümunə göstərir.

Bir mahnıda deyildiyi kimi “Yaşın nə fərqi?…” Bir də 65 nədir ki? Hər yaşın öz rəngləri, öz boyaları, öz maraqları və düşüncələri var. 65 yaş isə müdriklik yaşıdır. Babaların növbəti yaşamaq, yaşatmaq mərhələsi bu yaşda, nəvələrlə başlayır.

Mehriban və səmimi ailə başçısı, sevimli baba olan Cuvət müəllimi 65 illik yubileyi münasibətilə təbrik etməklə ona möhkəm cansağlığı, məhsuldar iş fəaliyyəti, xoş illər arzulayırıq.   Qusar Telekommunikasiya Qovşağının kollektivi