Sağlamlıqlarına iradəcəzəiflər laqeyd olurlar

Novruzəli Sultali oğlu Sultaliyev 1960-cı il oktyabrın 13-də Hil kəndində anadan olub. Qusar şəhər 1 saylı məktəbi kimya təmayülü üzrə fərqlənmə ilə bitirdikdən sonra Leninqrad Hərbi Tibb Akademiyasına qəbul olunub. İkinci kursdan təhsilini Kişinyov Tibb İnstitutunda davam etdirib və oranı başa vuraraq həmin ali təhsil ocağının onkologiya kafedrasının kliniki ordinaturasına qəbul olunub. Ordinaturanı bitirib Tiraspol şəhərində həkim-onkoloq, onkoloji dispanserdə müdir vəzifələrində çalışıb. 1993-cü ildə Vətənə dönüb, o vaxtdan mərkəzi rayon xəstəxanasında çalışır.

Müsahibimiz peşəkarlığı, qabiliyyəti ilə təkcə Qusarda deyil, bölgədə tanınmış həkim-onkoloq, MRX-nın onkologiya şöbəsinin müdiri Novruzəli Sultaliyevdir.

-Doktor, əvvəlcə insanları sözün əsl mənasında vahiməyə salan, el arasında daha çox “rak” adlandırılan xərçəng xəstəliyi barəsində məlumat verməyinizi xahiş edirik.

-İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirir. Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və s. Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölür. Bütün bu proseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur. Ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) “pozğunluq” baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmir. Beləliklə, xərçəng şişi formalaşır.

-Xərcəngin yaranmasına səbəb nədir, “artıq həyatın sonudur”-deyə üzülməyə dəyərmi?

-Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi “ionlaşdırıcı” şüalar xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Çünki bu radiasiya şüalarının təsiri altında olan toxumalarda əmələ gələn ionlar yüksək reaktivlik nəticəsində DNT zəncirlərini qopararaq mutasiyaya səbəb olur. Bəzi kimyəvi maddələrin mutasiya potensialı çoxdur. Bunlara əsasən siqaret dumanındakı çoxlu sayda maddələr, asbest, kömür və gips tozu, mikrosilikat tozu daxildir. 100-dən artıq xərcəng növündən bir çoxunun yaranma səbəbi isə tibb elminə hələ də məlum deyil.

Üzülmək, ruhdan düşmək zəif iradəli insanlara xas xüsusiyyətdir. Bilə-bilə canlarına qıyanlar, “nə olar-olar” deyənlər əslində eqoist, qohum-əqrəbasını düşünməyənlərdir. Həyat mübarizədir, insan mübariz olarsa, hər şeyə qalib gələr. Xərçəng diaqnozu ölüm hökmü deyil. Bu gün dünyada, eləcə də ölkəmizdə tibb inkişaf edib, hazırda həkimlərin köməkliyi ilə xərçənglə mübarizə aparanlar və qalib gələnlər çoxdur.

Xəstəlikdən heç kim sığortalanmayıb. Lakin xəstəliyin qarşısını almaq üçün mübarizə aparmaq, şüurlu surətdə mütəmadi müayinədən keçmək vacibdir. Vaxtında aşkar olunmuş xəstəliyin müalicəsi yüngül, nəticəsi isə effektiv olacaq. Qeyd etmək lazımdır ki, onkoloji patologiya xəstəliyin I-II mərhələsində aşkar olunaraq müalicə olunarsa, sağalma faizi, yəni 5 il və ondan yuxarı müddətdə yaşama ehtimalı 92-95% təşkil edir. Xəstəliyin III mərhələsində bu göstərici 55-60%-ə qədər, IV mərhələsindəki xəstələrdə isə 25%-dən çox deyil.

Vaxtında aşkarlanmış xərçəng xəstəliyi kompleks müalicə olunduqda ömrü daha 40-50 il uzatmaq mümkündür.

-Sirr deyilsə, bizdə müəyyən olunmuş xəstələrin sayı nə qədərdir rayonumuzda bu xəstəliyin müayinəsi, müalicəsi istiqamətində hansı tədbirlər görülür?

-Azərbaycan, eləcə də rayonumuz üçün problem olan süd vəzisi, ağciyər, mədə-bağırsaq traktının xərçəngidir. Son vaxtlar prostat xərçəngi yayılmağa başlayıb. Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 40 minədək, rayonumuzda il ərzində aşkarlananlar isə 140 nəfərdir.

Rayonda onkoloji xəstələrin müalicəsindəki çətinliklər, yerdə müalicənin təşkilindəki problemlər, onların aradan qaldırılması, onkoloji xəstələrə tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması ilə bağlı təkliflərimi hələ 2013-cü ilin iyulunda Qusar MRX-da şimal bölgəsi əhalisi ilə görüşə gələn Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda səsləndirib ondan köməklik göstərməyi xahiş etmişdim. Səhiyyə Nazirliyi, eləcə də Milli Onkologiya Mərkəzinin rəhbərliyi mövcud problemləri diqqətsiz qoymadı. Nazirlik 17 yanvar 2014-cü il tarixdə Qusar MRX-da onkologiya şöbəsinin təşkili barədə əmr imzaladı.

-İnsanlar xərcəng şübhəsi ilə paytaxta, hətta xarici ölkələrə üz tuturlar. Bu gün MRX-nın onkologiya şöbəsində müayinə və müalicənin səviyyəsini necə qiymətləndirərdiniz?

-İnsan sağlamlığı çox qiymətli nemətdir. Müalicə üçün paytaxtı, xarici ölkələri seçənləri qınamaq fikrindən uzağam. Amma bayağı reklamlara, türkəçarələrə, “xaricdən gələn həkimlər”in fövqəl qabiliyyətlərinə aldanmağı da məsləhət görmürəm. Bayaq söylədiyim kimi, ən vacibi vaxtaşırı müayinədən keçməkdir. Bu xəstəliyin müalicəsi onkoloji (onkologiya-xərçəng xəstəliyinin əmələ gəlməsi, səbəbləri, müalicəsi, xərçəngdən qorunma vasitələri ilə bağlı tibb bölməsi) mütəxəssislər tərəfindən həyata keçirilir.

Rayonumuzda bu şöbənin təşkili Qusarın, eləcə də qonşu rayonların onkoloji xəstələri üçün böyük köməklikdir. Hazırda onkologiya şöbəsində bütün lokalizasiyalar üzrə onkoloji patologiyası olan xəstələrin kimyəvi-dərman müalicəsi, planlı qaydada müayinə olunmuş və diaqnozu morfoloji təsdiq olunmuş xəstələrin cərrahi müalicəsi və kombinə olunmuş xüsusi müalicəsi həyata keçirilir.

Qusar Mərkəzi Rayon Xəstəxanasına təcili qaydada daxil olmuş, onkoloji patologiyaya şübhəli olan bütün xəstələrin konsultasiyası günün istənilən vaxtında aparılır, eləcə də, müxtəlif fəsadlarla daxil olmuş onkoloji xəstələrin cərrahi əməliyyatları müvəffəqiyyətlə icra olunur.

Qeyd etməliyəm ki, onkologiya şöbəsinin həkim və orta tibb işçiləri attestasiya imtahanlarını yüksək balla verərək müvafiq sertifikat alıblar. Yeri düşmüşkən, kollektivimiz yaradılmış şərait üçün Səhiyyə Nazirliyinə, Milli Onkologiya Mərkəzinin, rayon xəstəxanasının rəhbərliyinə, bu vacib işin təşkilində əməyi olan bütün insanlara dərin minnətdarlığını bildirir.

-Maraqlı müsahibəyə görə çox sag olun, Sizi, bütün həmkarlarınızı peşə bayramımız münasibətilə təbrik edirik.

-Siz də sağ olun. Onu da deyim ki, bu müsahibə ilə həm də xərçəngin müalicəsində zəruri olan maarifləndirmə işinə köməklik etdiniz. Fürsətdən istifadə edərək ölkəmizin bütün tibb işçilərini peşə bayramımız-17 İyun-Tibb İşçiləri Günü münasibətilə ürəkdən təbrik edir, xalqımıza möhkəm cansağlığı, xoşbəxtlik, sülh, əmin-amanlıq diləyirəm.

Sağlamlığınızı qoruyun, bu yöndə həmişə yardımçınız, köməkçiniz olmağa hazırıq!

Söhbətləşdi: Vidadi Sevzixanov