Nəcib peşəsi iləfəxredir

Həmkarımız-Kuzun kənd tibb məntəqəsinin müdiri Əbilşah Balamətovun 60 yaşı tamam oldu. Nə az, nə çox- düz 35 il həmkəndlilərinin sağlamlığı keşiyində durmuş tibb işçisinə səmərəli əməyinə görə mərkəzi rayon xəstəxanası rəhbərliyinin və tibb işçiləri həmkarlar təşkilatının fəxri fərmanı və qiymətli hədiyyə ilə təqdim olundu.

Orta məktəbi Qusar şəhərində bitirən Əbilşah Balamətov əsgəri xidmətini başa vurduqdan sonra paytaxtın 2 saylı tibb texnikumunda təhsil alaraq nəcib, gərəkli bir peşəyə-feldşerliyə yiyələnib və doğma kəndə dönüb.

Çoxlarına elə görünə bilər ki, təmiz bulaq suyu içən, dağ havasını udan, süfrələrinə öz zəhmətlərinin bəhrəsi olan nemətləri düzən, ötkəm, qonaqpərvər dağ adamları heç xəstələnmirlər. Amma belə deyil. Hər insanın ömründə elə məqam olur ki, həyatla ölüm arasında nazik tel qayğıkeş təbib əllərində olur. Həm də hər regionun, hər kəndin, hətta hər bir nəslin spesifik xəstəlikləri var. Xəstə insanın isə həmişə başa düşülməyə və canıyananlığa, xoş sözə və qəlbin hərarətinə ehtiyacı var. Səbrli, həssas, mərhəmətli insan olan Əbilşah Balamətov universal təbibdir. Zahıları və yeni doğulan körpələri qeydiyyata almaq, onları mütəmadi olaraq müayinədən keçirmək, həmçinin uşaqlar arasında vaxtlı-vaxtında peyvənd işi aparmaq kimi birbaşa fuksiyaları ilə yanaşı, barmağı kəsilənin də, ayağı burxulanın da, atdan yıxılanın da… dərdinə çarə qılmağı bacarır. Ağır xəstə olanda onu təcili mərkəzi rayon xəstəxanasına çatdırır.

Həyat yoldaşı-yeri gəlmişkən, həmin məntəqədə xadiməlik edən Sveta xanımla qurduğu mehriban ailədən üç övlad-bir oğul, iki qız pərvazlanıb. Oğlu Cavid kənd məktəbində müəllimdir. Ailə həyatı qurmuş Sahibə Kuzunda, Məlahət isə Qusarda yaşayır. Ömrün bəhrəli illərini yaşayan baba ilə nənə yeddi nəvə sahibidir.

Həmkarımızı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, sevimli peşəsində daha böyük uğurlar arzulayırıq.        

   Mərkəzi rayon xəstəxanasının

                               rəhbərliyi, tibb işçilərinin həmkarlar təşkilatı