Balaca Ruslanın ilk medalı

Nabranın “Xəzər” istirahət mərkəzində Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Ata, ana və mən-turist ailəsiyik” respublika çempionatı keçirilmişdir.

Ailələrin doğma diyarın mənzərəli guşələri ilə yaxından tanış olmalarına, təbiətin qorunmasına cəlb edilməsinə, turizmin inkişaf etdirilməsinə, yeniyetmə və gənclərin meşə və dağ zonalarında, təbii şəraitdə yatmaq və qida hazırlamaq vərdişləri qazanmalarına, ekstremal vəziyyətdə davranışların mənimsənilməsinə hesablanmış çempionatda respublikamızın müxtəlif bölgələrindən, idman klublarından, bədən tərbiyəsi kollektivlərindən 30-a yaxın ailə iştirak etmişdir.

Bu maraqlı ailə yarışında rayonumuzu İlqar, Xanım və 3 yaşlı Ruslandan ibarət İsrafilovlar ailəsi təmsil etmişdir.

Hər kəsdə böyük maraq doğuran turnirdə iştirakçılar meşə zonasında quraşdırılmış maneələri dəf etmişlər.

Balaca təmsilçimizin çevikliyi, xüsusi fəallığı, oyunlara marağı yarış iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Aşağı yaş qrupu üzrə müəyyən edilmiş qaliblər arasında balaca Ruslan I yerə layiq görülərək medal, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Həyatda birinci uğurunu qazanaraq ilk medalını boynundan asan Ruslanı ürəkdən təbrik edirik.                       

                                                                                                                                                                           Sevil