Ön səngərdən zəfər sorağını gətirənlər

Mayın 4-də rayonumuzda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qusar Rayon

İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ön səngərdən əsgər gəlib” adlı tədbir keçirildi.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu, eləcə də aparıcılığı ilə təqdim olunan tədbirin mahiyyəti vətənpərvərlik, dövlətimizə sevgi və ehtiram idi.

Vətən keşikçilərinin xalqın nümayəndələri ilə şəhərin general Mahmud Əbilov adına mərkəzi meydanında baş tutan möhtəşəm görüşündə Müdafiə Nazirliyi ilə Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, idarə və müəssisələrin nümayəndələri, eləcə də yüzlərlə qusarlı iştirak etmişdir.

Müdafiə Nazirliyinin idarə rəisinin müavini, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək Azərbaycan xalqının öz ordusuna inandığını və ona güvəndiyini vurğulamış, hazırda Silahlı Qüvvələrin qoşun növlərində, eləcə də cəbhə bölgələrindəki hərbi hissələrdə xidmət edən qusarlıların sayı yetərincə olduğunu söyləmişdir.  

Aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açan natiq, düşmənə sarsıdıcı zərbə vurulduğunu bildirmiş, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamını ifadə etmişdir.

Dörd günlük aprel savaşlarında qusarlı hərbi qulluqçuların da rəşadətlə vuruşduqlarını, bir nəfərin şəhid olduğunu, bir neçəsinin yaralandığını deyən nazirlik rəsmisi bununla yanaşı, həqiqi hərbi xidmətini başa vurmuş onlarla gəncimizin yenidən könüllü olaraq orduya qayıtdığını diqqətə çatdırmışdır.

Aparıcı döyüşlərdə şəhid olan Əmiraslan Xeyirbəyovun anasını, atasını, iki qardaşını tədbirə gələnlərə təqdim edəndə hamı bu gənc ailənin mətinliyinə, dözümlüyünə heyranlıqlarını ayaqüstə alqışlamaqla ifadə edir. General-leytenant Yaşar Aydəmirov ölümündən sonra verilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını Əmiraslan Xeyirbəyovun anasına təqdim edir.

     Bu an meydan üstündə pərvazlanan Abdulla Qurbaninin sözlərinə bəstələnmiş “Vətən sənin şəhidlərin” mahnısı şəhid Əmiraslan Xeyirbəyovun anasının timsalında şəhid analarına şəhid və sağ qalan qəhrəmanların təsəllisi kimi səslənir:

…Ölməyiblər, yenə sağdı,

Vətən, sənin şəhidlərin!…

Şəhid anası oğlu ilə fəxr etdiyini, övladının tabutuna bükülən Azərbaycan bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağına inandığını söyləyir.

Daha sonra meydana ön səngərdə düşmənlə üz-üzə duran, evə zəfərlə dönən əsgərlər -Emin Əhmədov, Səddam Əzizov, Orxan Əbiyev, Ruslan Ağasıyev,… dəvət olunmuşlar. Eminlə Orxan buraya birbaşa yaralarını sağaltdıqları hərbi hospitaldan gəlmişlər.

Aparıcının gizir Emin Əhmədov haqqında söylədikləri Azərbaycan əsgərinin qətiyyətini xarakterizə edir. Polkovnik Abdulla Qurbani döyüşdən bir gün əvvəl səngərdə Eminlə kəlmələşdiyini, onda     “…döyüş olsa, düşmən heç qaçmağa da macal tapmayacaq”- deyən əsgərin Lələtəpə uğrunda döyüşlərdə ayağından yaralandığını bildirir.

Meydana toplaşanların alqış sədaları ilə qarşılanan əsgər və zabitlər Qusar Rayon İcra Hakimiyyətinin xatirə medalları ilə təltif olunur və mükafatlandırılırlar.

Tədbir iştirakçıları Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində döyüş zamanı yaralanıb gözlərinin işığını itirən ikiqat paralimpiya çempionu, I Avropa Oyunlarının qalibi, cüdoçu İlham Zəkiyevi də böyük coşqu ilə qarşılayıblar.

Görüşdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, son vaxtlar Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi intensiv atəşə tuturlar. Buna baxmayaraq, şanlı ordumuz düşmənə layiqli cavab verərək, onları susmağa məcbur edir, düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısı mərdliklə alınır.

Bildirilib ki, son döyüşlərdə Lələtəpə yüksəkliyinin və digər işğal olunmuş ərazilərin düşməndən geri alınması xalqımızın ruh yüksəkliyini daha da artırıb. İndi hamı böyük qələbənin uzaqda olmadığına əmindir. Qusarlılar torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın hər əmrinə hazırdırlar…

“Ön səngərdən gələn var” adlı tədbirdə hərbi orkestrin və tanınmış incəsənət ustalarının vətənpərvərlik ruhunda ifaları təqdim olunmuş, qusarlı incəsənət ustalarının ifasında “Əsgər marşı” ləzgi dilində səsləndirilmişdir.

Tədbirin sonunda Qusar rayon ictimaiyyəti adından Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.