Qaz boruları dağ kəndlərinə uzanır

Rayonumuzun daha iki-Nəcəfkənd və Aşağı Kalunxür kəndlərinə təbii qaz verildi.

Aprelin 15-də bu münasibətlə Nəcəfkənddə düzənlənmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbiri RİHB-in Qılah Kənd İƏD üzrə nümayəndəsi Niyazi İsgəndərov açmışdır.

Çıxış üçün söz alan kənd sakinləri Çingiz Ziyarov, Flora Şamxalova böyük sevinclə vurğulamışlar ki, qaz borularının bu kəndlərədək uzanacağını bir vaxtlar xə-yallarına belə gətirə bilməzdilər. Xalqa yüksək diqqət və qayğının bariz nümunələrindən biridir ki, ölkənin bütün regionlarının, o cümlədən yaşadıqları sərhəd kəndlərinin tamamilə qazlaşdırılması proqramı sürətlə reallaşdırılır.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Fariz Məmmədov kənd sakinlərini təbrik etdi. O, xeyirxah missiyanın bu gündən sonra da intensiv olaraq davam etdiriləcəyini, yaxın vaxtlarda Həzrə-Zuxul yolunun üstündəki digər kəndlərin də qazlaşdırılacağını bildirdi.

Mərasimdə bildirilib ki, bu iki kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 min 564 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinlərinin sevincinə şərik çıxan rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qısa zaman ərzində iki kənddə qaz çəkilişini təmin etməklə yüzdən çox ailəyə məişət rahatlığı bəxş edən bu sahə əməkdaşlarının işindən razı qaldığını bildirdi. O vurğuladı ki, artıq rayonda 37 kəndə təbii qaz verilişi təmin olunub. Hazırda rayonun Əniğ, Ləcət, Yuxarı Tahircal, Suvacal, Yuxarı Kalunxür və Zuxul kəndlərinin qazlaşdırılması istiqamətində işlər aparılır.

Sonra adəti üzrə kəndə mavi alovun verilişini bildirən simvolik məşəl yandırıldı.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.