Şəhərimiz yaxın gələcəkdə necə olacaq?

Baş planın yekun layihəsi müzakirə edildi

Mütəxəssislərin, yerli İƏD nümayəndələri və bələdiyyə sədrlərinin, ictimaiyyət nümayəndələrinin dəvət aldıqları yığıncağı giriş sözü ilə açan Qusar RİH-nin başçısı Şair Alxasov rayon mərkəzinin baş planının mahiyyəti, onun yenidən işlənib hazırlanmasını zəruri edən amillər, yeni baş plan perspektivləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Qusar şəhərinin 1985-ci ildə işlənmiş baş planı istifadə dövrünü bitirdiyindən şəhərin ərazi quruluşunu, ümumşəhər əhəmiyyətli sosial obyektlərin yerləşdirilməsini, mühəndis və nəqliyyat sistemlərinin inkişafının əsas istiqamətlərini, təbii və tarixi-mədəni irsin qorunması üzrə tədbirləri, ərazinin və tikintinin mənimsənilmə ardıcıllığını müəyyənləşdirmək üçün şəhərin baş planının işlənməsinə ehtiyac yaranmışdı.

Bu zəruriyyəti nəzərə alan rayon rəhəbərliyi 23 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərova şəhərin yeni baş planının işlənməsi üçün müvafiq kömək göstərməsi xahişi ilə məktub ünvanlamışdır. Qurum RİH başçısının müraciətinə müsbət yanaşmış və şəhərin baş planının hazırlanması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ ilə müqavilə bağlamışdır. “Azərdövlətlayihə” DBLİ Qusar şəhərində bir sıra araşdırmalar aparmış və şəhərin yeni baş planının ilkin layihəsini hazırlamışdır.

Ötən dövr ərzində Qusar şəhərinin baş planının “İlkin layihə”sinin prosedurlara uyğun ictimai müzakirəsi keçirilmiş, irəli sürülən tənqidi qeydlər, təkliflər nəzərə alınmaqla Baş planın yekun layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Fəxri Aydəmir qeyd etmişdir ki, Baş planın yekun layihəsi işlənərkən icraçı tərəfindən ilkin layihə ilə tanışlıq zamanı ictimaiyyət nümayəndələrinin irad və təklifləri nəzərə alınmış, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri gözlənilmişdir.

İcraçı təşkilatın nümayəndəsi Rafiq Mirzəyev çıxışında qeyd etdi ki, baş plan işlənərkən şəhərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini və prioritetlərini müəyyən edən proqnozlaşdırma sənədlərindən istifadə edilmişdir.

Baş plana əsasən şəhərsalmanın inkişafı istinad ili olan 2013-cü il, birinci növbə -2020-ci il və hesabat dövrü- 2033-cü il olmaqla üç mərhələni nəzərdə tutur.

Şəhərin mövcud 1178,2 hektar olan ərazisi hesabat dövrünə 1824,8 hektara qədər artırılmışdır. İstinad ilində şəhər əhalisi 17.496 nəfər idisə, 2020 və 2033-cü illər üçün 24.300 və 27.500 nəfər qəbul edilmiş, şəhərin tərkibinə Qayakənd, Balaqusar, Çiləgir, Həsənqala və Köhnə Xudat Qazmaları kəndləri də daxil edilmişdir.

Yaşayış rayonunda (ərazisi 80-150 hek.) Qusar şəhərinin daxil edilən kateqoriyalı şəhərlərə (mövcud 20 min nəfərə qədər əhali) əhalinin sıxlığı 1 hek. əraziyə yüksək səviyyədə 130 nəfər, aşağı səviyyədə 70 nəfər təşkil etməlidir.

Perspektivdə şəhərin 20-50 min nəfər kateqoriyasına kecməsi ilə əlaqədar yüksək sıxlıq 165 nəfər/hek., aşağı sıxlıq isə 115 nəfər/hek. təşkil etməlidir.

Şəhərin mikrorayonlarında (10-30 hek.) Qusar şəhərində əhalinin sıxlığı normativ tələbata uyğun, yəni 220 nəfər/hek. təşkil etməlidir .

Hazırda Qusar şəhərinin mövcud sərhədləri daxilində əhalinin sıxlığı 15 nəfər/hek., mikrorayonların tərkibində 61 nəfər/hek., məskunlaşma ərazilərində isə 24 nəfər/hek. təşkil etmişdir. Bu isə normativ tələblərdən xeyli aşağıdır. Qeyd edilənləri nəzərə alaraq layihədə şəhər ərazisində əhalinin hesabi sıxlığı artırılmış, mikrorayonların tərkibində 66 nəfər/hek., məskunlaşma ərazilərində isə 28 nəfər/hek. səviyyəsinə çatdırılmışdır.

Baş planla hesabat dövrünün sonuna mövcud 9 sənaye müəssisəsinin inkişafı ilə bərabər 3 sənaye müəssisəsinin fəaliyyətinin bərpası və 11 yeni müəssisənin yaradılması təklif edilir. Beləliklə 2033-cü ildə şəhərdə 23 müəssisə fəaliyyət göstərəcəkdir və onlarda istinad ilinə nisbətən 2,7 dəfə çox-1197 nəfər işçi çalışacaqdır.

Qusar şəhərinin perspektiv inkişafında turizm və rekreasiya kompleksinin dinamik inkişafına mühüm yer ayrılmışdır. Birinci növbəli təklif kimi burada turizm və otelçilik üzrə Peşə Tədris Mərkəzinin (Kollecin) yaradılması nəzərdə tutulmuşdur.

Şəhərin turizm müəssisələrində (“Şahdağ” Yay-Qış Turizm Kompleksi nəzərə alınmadan) hesabat dövründə il ərzində 120-150 min nəfərin dincəlməsi planlaşdırılır.

Şəhərin turizm sektorunun çəkisini 10-12%-ə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn tələblərə cavab verəcəkdir.

Layihənin aparıcı memarı Fəridə İbrahimova baş planın şəhərsalma planlaşdırılması, mövcud və perspektiv inkişafı, o cümlədən turizm və iqtisadi-coğrafi mövqeyi baxımından layihə təkliflərini diqqətə çatdırdı. Şəhərin ümumi memarlıq planlaşdırma kompozisiyası Qusar çayı və onun sahilboyu və çay istiqamətində istirahət zonası, şəhərin baş küçəsi Heydər Əliyev prospekti və Nurəddin Şərifov magistral küçəsində formalaşan ictimai obyektlər, ətrafda olan yüksəkliklərin (dominant) meydançaların, şəhərin cənub girişində Bayraq meydanı, şimalda Heydər Əliyev Mərkəzi, qərbdə Çiləgirdə otel, sənaye mərkəzində və yeni mərkəzdə, Balaqusar kəndində şəhər ərazisinin plan quruluşunun və onun panaramasının çaya açılması prinsipi üzərində qurulmuşdur.

Qusar RİNB-nin birinci müavini Şahid Fərəməzov hazırlanan yekun layihəsi barədə fikirlərini söylədi.

Balaqusar Bələdiyyəsinin sədri Ağadadaş Ömərov hazırlanan yekun layihəsinin müzakirəsinə qatılaraq qeyd etdi ki, gələcəkdə Bədirqala kəndinin ərazisinin də şəhərin tərkibinə daxil edilməsi məqsədəmüvafiq olardı.

Qusar RİNB Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Şahabbas Saruxanov bildirdi ki, yekun layihə ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına dair qüvvədə olan müvafiq normativ-hüquqi aktların tələblərinə tam şəkildə uyğun işlənilmiş, aidiyyəti orqanlarla razılaşdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq ictimai müzakirə proseduru müvəffəqiyyətlə keçmişdir.

Qusar RİH-nin başçısı Şair Alxasov böyük səbr, dəqiqlik və yaradıcı zəhmət tələb edən bir layihənin müvəffəqiyyətli həllinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ kollektivlərinin bütün üzvlərinə minnətdarlıq etmiş, onun həyata keçirilməsi prosesində köməkliklərini əsirgəməyəcəklərinə ümidvar olduğunu bildirmişdir.