Tariximizin qanla yazılan səhifəsi

31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim

Rayonumuzda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı idarə və müəssisələrdə, təhsil ocaqlarında silsilə tədbirlər keçirilmişdir.

Martın 31-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, məktəblilər “Qanlı dərə” qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin önünə gələrək gül-çiçək dəstələri düzmüş, soyqırım aktları qurbanlarının xatirələrini yad etmişlər.

RİH-nin iclas zalında davam etdirilən ümumrayon tədbirinin iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediliblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov 98 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. Soyqırımın xronologiyasına nəzər salan icra başçısı bildirib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.

İcra başçısı bildirdi ki, 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxışında bildirdi ki, Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə öldürüblər.

Natiq vurğulayıb ki, erməni daşnakı Amazaspın rəhbərliyi ilə Quba qəzasına soxulan 5 mindən çox qaniçən erməni iki gün ərzində qəzanın 162 kəndini yerlə yeksan etmiş, 16 mindən çox insanı həyatdan məhrum etmişdir.

Cəza dəstəsi Qubada qanlı qətllər törətdikdən sonra Qusara tərəf yürüşə başlamışdır. 1918-ci il mayın 18-də Quba rayonunun Digah kəndi yaxınlığında “Şimi dərəsi” adlanan yerdə ermənilər, azərbaycanlılara köməyə gəlmiş ləzgi xalqının müqaviməti ilə rastlaşmışlar. Döyüş bir neçə gün davam etmiş və güclü xalq müqavimətinə rast gələn ermənilər böyük tələfatla məğlub olaraq geri çəkilmişlər.

Hərbiçi Fikrət Əsədov, məktəbli Salman Murad çıxışlarında qeyd ediblər ki, qəsbkar ermənilər Böyük Ermənistan yaratmaq xülyası ilə bu gün də işğalçılıq siyasətlərini davam etdirirlər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində imzaladığı fərman erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir, tarixin bütün mərhələlərində ona istinad edilməlidir.     “QUSAR”