8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir

Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Mərasimdə iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş, onlara ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar diləmişdir.

Qeyd olunmuşdur ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən rayon rəhbəri bildirmişdir ki, həmin siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

Rayon rəhbəri Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul etdiyini vurğulamış, qeyd etmişdir ki, öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.

Şən və yaddaqalan tədbir konsert proqramı ilə başa çatdı.