İslam qardaşlıq dinidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi, Qusar RİH-nin təşkilatçılığı ilə Avaran kənd məscidi dini icması tərəfindən martın 10-da “İslam qardaşlıq dinidir” layihəsinin növbəti maarifləndirici tədbiri keçirilib.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərməklə bağlı imzaladığı sərəncama əsasən həyata keçirilən tədbir Avaran kənd tam orta məktəbində baş tutub.

Onun işində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Şəhriyar İsmiyev, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, İH-in Avaran kəndi üzrə nümayəndəsi Sabir Fərzəliyev, müəllimlər, şagirdlər və gənclər iştirak ediblər.

İcma sədri Əmrah Əmrahov tədbiri açaraq maarifləndirici layihənin məqsədi barədə məlumat verib. O, maarifləndirmə işindəki dəstəyə görə DQİDK-ya təşəkkürünü bildirib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycandakı ənənəvi islam dininin tarixi, eləcə də ölkəmizdə mövcud olan islam həmrəyliyi barədə məlumat verib. Çıxış edən DQİDK-nın əməkdaşı Şəhriyar İsmiyev qardaşlıq və həmrəyliyin günümüz üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə həmçinin Qusar RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev və QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda Dövlət Komitəsi tərəfindən məktəb kitabxanasına dini maarifləndirmə və tolerantlıqla bağlı kitablar hədiyyə edilib.