Fevralın 21-də rayonumuzda Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib.

Rayon incəsənət məktəbinin akt zalında düzənlənən tədbirdə çıxış edən Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev söyləyib ki, 1952-ci ildən başlayaraq dünya xalqları bu günü qeyd edirlər: “Hər bir tarixi günün qeyd olunması hansısa hadisə və mahiyyətlə bağlıdır. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-i məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü” adlandırılması haqqında müraciət ediblər. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edib. Hər il bütün xalqlar bu günü qeyd etməklə öz doğma dilinin varlığını hiss etdirir, onun gözəlliyi və zənginliyini tərənnüm edir, gələcək nəsillərə qorunub saxlanması istiqamətində təbliğat aparır”.

Natiq əlavə edib ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması bu dilin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizdə yaşayan digər xalqların, dini azlıqların dillərinin, dinlərinin və mədəniyyətlərinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut etmiş oldu. Sevindirici haldır ki, ölkəmizdəki tolerantlıq mühiti bu gün dünyaya nümunə göstərilir.

Tədbirdə həmçinin “Ana dilini sevək, sevdirək” olimpiadasının, “Ədəbiyyat bilicləri” müsabiqəsinin rayon mərhələsində uğurla iştirak edən şagirdlər diplomlarla təltif olunublar.

Tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə başa çatmışdır.