Kirigdə yeni körpələr evi-uşaq bağçası istifadəyə verildi

Keçmiş yaşayış yerindən “Dugun” adlı sahəyə köçmüş indiki Kirig gənc olmaqla bərabər böyüyən, müasirləşən bir kənddir. Burada doğma elə, torpağa bağlı, zəhmətsevər gənc ailələrin sayı getdikcə artmaqdadır. Təbii ki, çoxlu sayda yeni fərdi yaşayış evinin tikintisi, müasir məktəb binasının inşası gənc nəslin öz yurd-yuvalarına daha çox bağlanmağına rəvac verir.

Gənc anaların bağ-bağatda, dirrikdə zəhmət çəkdikləri kənddəki köhnə uşaq bağçası tələbatı ödəmədiyindən ötən il yeni uşaq bağçasının özülü qoyulmuşdu.

Qısa zamanda inşa edilən yeni uşaq bağçası-körpələr evinin açılış mərasimi kənddə əsl şənliyə çevrildi.

Müasir tələblər səviyyəsində inşa olunan 55 yerlik yeni binada azyaşlı uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Binada üç qrup otağı, yeməkxana, idman zalı, tibb otağı və inzibati otaqlar yerləşir. Bağçada müasir istilik sistemi quraşdırılıb.

Kənd sakinlərinin sevincinə qoşulan rayon rəhbərliyi kirigli valideynləri, balaca fidanları təbrik etdi.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov öz çıxışında bildirdi ki, uşaqların qayğı ilə əhatə olunması, yeni nəslin layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca prinsiplərindən olmaqla yanaşı Azərbaycanın gələcəyinin təminatına daha geniş imkanlar açır.

O, uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının mühüm rolunu xüsusi qeyd etdi.

Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə, körpələrimizin sağlam inkişafına göstərilən diqqət və qayğıdan danışdılar.

Açılışı bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbəri və qonaqlar yeni bağçada balacalar üçün yaradılmış şəraitlə tanış oldular.

Mərasimdən sonra Kirig, Həzrə və Ləcət kəndlərindən olan bir qrup ziyalı və ağsaqqalla görüşən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov onları qayğılandıran problemlərlə maraqlanmış, ölkəmizdə kənd, onun insanları üçün yaradılan şərait, nəzərdə tutulan iqtisadi və inrastruktur layəhələri barəsində məlumat vermiş, torpaqdan təyinatı üzrə istifadə edilməsi, ərzaq bolluğunun yaradılması və s. məsələlər barəsində fikir mübadiləsi aparmışdır.