Beynəlxalq Multikulturalizm Qış məktəbinin tələbələri Qusarda

“Azərbaycan multikulturalizmi haqqında öyrəndiklərimizi əyani şəkildə görmək imkanı qazandıq”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 12-də öz işini Qusarda davam etdirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, tələbələr burda yerli gənclərlə birgə Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Şahdağ Turizm Kompleksində dağ xizək əyləncəsi təşkil olunub.

Elə buradaca qış məktəbinin bağlanışı olub. Tədbirin yekunları və nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

BBMM-in əməkdaşı Tofiq Abbasov mətbuat konfransını açaraq qış məktəbi iştirakçılarının təəssüratlarının hər kəs üçün maraqlı olacağını deyib. Portuqaliyalı Antonio Mendes çıxışında bildirib ki, Azərbaycana gəlməzdən öncə multikulturalizmi ancaq Portuqaliya cəmiyyətinə xas olan bir dəyər hesab edirdi: “Azərbaycana gələndən, sizin bu sahədəki təcrübə ilə tanış olandan sonra görürəm ki, burada da müsbət meyillər özünü büruzə verir. Dini, irqi problemlərin olmadığı cəmiyyətlər sağlam cəmiyyətlərdir. Belə hissləri Azərbaycanda da yaşayıram. Açıq etiraf etsəm, buraya gəlməzdən əvvəl Azərbaycan haqqında cüzi anlayışlarım var idi. İndi görürəm ki, Azərbaycanda yaşayan insanların da hamısı dözümlü, yeniliklərə açıq insanlardır və qəti bildirmək istəyirəm ki, Azərbaycanda gördüklərim mənim gözlədiklərimi qat-qat üstələdi”.

Nigeriyalı İbrahim Akinyemi söyləyib ki, o, ADA Universitetinin tələbəsidir: “Demək istəyirəm ki, bu ali təhsil ocağı özü-özlüyündə multikulturalizm ənənələrini təcəssüm edir. Tam əsasla deyə bilərəm ki, Azərbaycan multikulturalizmi mənə çox yaxın bir anlayışdır. Buradakı dözümlülük, ünsiyyətə açıqlıq təkcə paytaxt üçün deyil, əyalətlər üçün də səciyyəvidir”.

Polşalı Joanna Jasinka diqqətə çatdırıb ki, həyatında ilk dəfədir belə bir məktəbin dinləyicisi olub: “Məni mütəəssir edən odur ki, bu sülhsevər ölkədə dövlət, hökumət, dini və ictimai qurumların nümayəndələri ilə görüşlərdə mən özüm üçün bu qonaqpərvər ölkə barədə çoxsaylı həqiqətləri aydınlaşdırdım. Biz Azərbaycanda bir şeyin şahidi olduq ki, burada insanlar təkcə ürəkaçan mətləblərdən deyil, qayğılardan da danışmağa açıqdırlar”.

Gürcüstanlı Georgiy Saladze azərbaycanlı, müsəlman Əli və gürcü, xristian Nino arasında yaşanan məhəbbəti və onların uzun müddət sevgi içərisində Bakıda birgə yaşamasını multikulturalizmin göstəricisi kimi səciyyələndirib: “Bu dözümlülük, tolerantlıq tarixən bizim xalqlara xasdır. Biz qonşu xalqlarıq, birgə inkişaf proqramlarının, meyillərinin həyata keçirilməsində əməkdaşlığımız zəruridir”.

Rusiyalı Varvara Filipova bildirib: “Mənim təmsil etdiyim Moskva böyük bir dünyadır və onun da çoxsaylı problemləri var. Onun da miqrantlar, ünsiyyət açıqlığı problemləri mövcuddur. Bu problemlərin həlli ilə bağlı tədqiqatlar aparılır. Mənim Azərbaycanda gördüyüm bu mühit özündə təbii və müsbət bir təcrübəni ehtiva edir. Bəlkə də öz gözümlə görməsəydim inanmazdım ki, sizin ölkənizdə belə multikultural şərait hökm sürür. Dərhal anlayıb dərk edirsən ki, bu qondarma bir məfhum deyil, əsrlərə söykənən bir dəyərdir. İnanın ki, təmsil etdiyim rus xalqı da multikulturalizmə “hə” deyir və əgər seçmək hüququm olsa, mən Azərbaycan multikulturalizmi modelinə səs verərdim. Çünki bu model həm işləkdir, həm də ümidvericidir. Mənim şəxsi müşahidələrim bunu deməyə əsas verir”.

Rusiyalı Aleksandra Panteleyeva burada hər şeyin nə qədər gözəl olduğunu ifadə etmək üçün söz tapmadığını deyib: “Ən böyük nailiyyət də ondan ibarətdir ki, biz burada real multikultural mühiti gördük. Bir çox mədəniyyətlərin qovuşduğu bu qış məktəbində iştirak etmək bizim üçün böyük şansdır. Bu, mənim üçün çox gözəl təcrübə idi. Bu şans üçün sizə təşəkkürümü bildirirəm”.

Almaniyalı Tobias Fernandes söyləyib ki, Azərbaycanda olduğu üçün çox xoşbəxtdir: “Bir çox müzakirələrə qatıldım və olduğumuz atmosferə azad ruhun hakim kəsildiyinin şahidi oldum. Azərbaycanda insanların simasında gülüş, pozitiv enerji gördüm. Dil baryeri olmasına baxmayaraq, burada çox azad, tolerant atmosfer var. Dil bilib-bilməməsindən asılı olmayaraq, hamı kömək etməyə, əl tutmağa hazırdır. Bu, elə multikulturalizmin ifadəsidir”.

Sonra “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş – 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: “Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq.

Qış məktəbinin baş tutmasında əməyi keçən hər kəsə, bütün qurumlara dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür. Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliklərdə oldunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz. Bu tədbirin məqsədi təkcə sizlərin Azərbaycana olan marağını məhəbbətə çevirmək deyildi, bu, yeni zamanda, azərbaycanlı gənclərin sizin təmsil etdiyiniz İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya, Nigeriyaya olan məhəbbətini təmsil edirdi, bu, sevginin daha da dərinləşməsinə gətirirdi.

Qış məktəbi çərçivəsində daha maraqlı bir layihəsinin də həyata keçməsinin şahidi olduq. “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular. Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamınızı yenidən Azərbaycanda görmək arzusundayıq. Sizin xalqlarınıza əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beynəlxalq Multikulturalizm qış məktəbinin uğurla başa çatması münasibətilə layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib. Çıxışlardan sonra qış məktəbi iştirakçıları, eləcə də qardaşlaşmış məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Qış məktəbinin tələbələrinə sertifikat və hədiyyələr təqdim edilib. Mərasim musiqili-bədii axşam proqramı və ziyafətlə yekunlaşıb. Bununla da “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi öz işini başa çatdırıb.