Şəfa ücün “ŞƏFA” ya üz tutacaqlar

Şəhərimizin Heydər Əliyev prospektində Səhiyyə İşçiləri Həmkarlar         İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi istifadəyə verildi.

Dekabrın 26-da düzənlənən açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək istirahət mərkəzində tibb işçilərinin rahat dincəlmələri üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb.

Komitə əvvəllər Qusar Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi binanı özəlləşdirərək, buranın istirahət mərkəzinə çevrilməsi üçün tikinti və yenidənqurma işləri aparıb. 2 hektar ərazisi olan istirahət mərkəzinin inşasına 2013-cü ilin iyun ayından başlanılıb.

İstirahət mərkəzində qazanxana, su anbarı, konfrans və idman zalı, uşaq meydançası, avtomobil dayanacağı, yeməkxana və digər otaqlar var. Bununla yanaşı 3 mərtəbədən ibarət olan binada idarəetmə otaqları, məşq zalı və VİP nömrələr fəaliyyət göstərəcək.

80 yerlik istirahət bazası ilboyu fəaliyyət göstərəcək. Burada eyni zamanda uşaqlarla birlikdə 100 nəfərin istirahət etməsi mümkündür. Gələcəkdə mərkəzdə müalicə xidmətlərinin də göstərilməsi nəzərdə tutulub.

Mərkəzə daxil olan binalar müasir işıqlandırma və havalandırma sistemi, lift, sürətli internetlə təmin olunub. İstirahət mərkəzinin bağında minə yaxın müxtəlif növ ağac əkilib, geniş yaşıllıq zolağı salınıb.