Növbəti maarifləndirici seminar

Xaçmaz Regional Ədliyyə Şöbəsi rayonumuzda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə növbəti seminar-müşavirə keçirmişdir.

Ədliyyə Nazirliyinin müstəqil struktur qurumu olan Xaçmaz Regional Ədliyyə Şöbəsi nazirliyin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması istiqamətində səmərəli iş aparır.

Oktyabrın 8-də şöbənin fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrə metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə rayonumuzdakı bələdiyyə qurumlarının üzvləri və qulluqçuları üçün bu il artıq ikinci seminar-müşavirə keçirilmişdir.

“Gənclər evi”ndə düzənlənən seminar-müşavirədə arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili, torpaqların təyinatı üzrə istifadəsi, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tətbiqi ilə bağlı məruzə və çıxışlar dinlənilmiş, müzakirələr aparılmış, bələdiyyə üzvlərinin və qulluqçularının sualları cavablandırılmışdır.

Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikov, şöbənin aparıcı məsləhətçisi Qədir Paşayev və başqaları öz çıxışlarında həmçinin regional şöbə tərəfindən bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi prinsiplərinə uyğun olaraq görülmüş tədbirlər barədə geniş məlumat vermişlər.    

“QUSAR”